30.01.2017

Şəhid Vüqar Mustafayevin xatirəsi yad edildi

        24 yanvar 2017-ci il tarixdə Qarasu kənd tam orta məktəbində şəhid Vüqar Ağamməd oğlu Mustafayevin anım günü keçirildi.

       Tədbirdə şəhidin ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, veteran və şəhid ailələri ictimai birliyinin Hacıqabul rayon təşkilatının sədri Nəcəf Murtuzov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Nəriman Ağayev, eyni zamanda şəhidin sinif yoldaşları və döyüş dostları iştirak edirdi. Çıxış edənlər şəhid haqqında xatirələrini danışdılar, onun vətənpərvər oğul olduğunu vurğuladılar. Vətənin çətin günlərində könüllü olaraq müharibəyə yollandığını, Vətən yolunda da şəhid olduğunu söylədilər. Şagirdlərdən Abdullayeva Nailə və Babayev Elşadın səsləndirdikləri həzin mahnılar, Fərahim Rzazadənin və Əsmər Məmmədovanın təqdim etdikləri şeir - kompozisiya hamını valeh etdi və kövrəltdi. Şərəfxanova Fidan və Şirəliyev Pərvinin söylədiyi şeir qəlbləri riqqətə gətirdi. Nəriman Ağayevin çıxışı, vətənpərvər söhbətləri və Nəcəf Murtuzovun maraqlı xatirələri, döyüş zonasında olduğu, döyüşdüyü barədə söylədiyi faktlar hamının ürəyincə oldu. Məktəbin direktoru şəhidin ailə üzvlərinə səbr diləyərək başlarını uca tutmağı, şəhid Vüqarla fəxr etməyi söylədi, şəhidin keçdiyi  döyüş yolu, göstərdiyi vətənpərvərlik nümunəsi haqqında geniş məlumat verdi.