06.10.2017

5 Oktyabr Beynəlxalq müəllim Günüdür

          5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.  Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. 

         Hacıqabul rayon Təhsil Şöbəsi və TİAHİ Hacıqabul rayon komitəsi ilə birgə rayonun ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, rayonun bir sıra idarə və müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin rəhbərləri iştirak etmişlər. Tədbirdə Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri çıxış edərək rayonun ümumtəhsil məktəblərində dərs deyən müəllimləri təbrik etmişdir. Tədbirin gedişində fəaliyyətində yüksək nəticələr əldə edən bir qrup müəllim, eləcə də rayonun ümumtəhsil məktəblərinə Təhsil Nazirliyinin Müəllimlərin İşə Qəbul imtahanında uğurla iştirak edərək təyin olunan gənc müəllimlərdən də çıxış etmişdir. Eyni zamanda idarə və müəssisə rəhbərləri də müəllimləri peşə bayramı münasibətilə təbrik etmişlər. Tədbirin sonunda bir qrup müəllimə qiymətli hədiyyə və fəxri fərman təqdim olunmuşdur.