06.02.2018

Şəhidin xatirə günü

          Vüqar Vaqif oğlu Məmmədov 1973-cü il fevral ayının 6-da Muğan qəsəbəsində ziyalı ailəsində doğulmuşdur. 1980-cı ilin sentyabrında Muğan qəsəbə orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 1990-cı ildə orta məktəbi bitirmişdir. 1992-ci il dekabrın 21-də Qubadlı şəhərinin İşıqlı kəndində şiddətli döyüş zamanı qəhrəmanlıqla şəhid olmuşdur.

Bu gün 45 yaşı tamam olacaqdı Vüqarın.Lakin vətən sevgisi Vüqarı Tanrının ali məqamına-uca şəhidlik zirvəsinə yüksəltdi. Çox illər keçəcək, qərinələr ötəcək,çox şeylər dəyişəcək. Dəyişməyənlər isə əbədi olanlarıdr. Şəhid yaşı elə yaşdır ki,heç bir təqvim ili, zaman vahidi ilə ölçüyə gəlməz.Yüz illər keçsə belə, onun neçə yaşını qeyd etsək də Vüqar 19 yaşında qalacaq. Onun  alnına nəsillərə örnək olacaq əbədiyyət yazılıbmış-Məktəb qarşısında dayanıb baxışlarını uzaq üfüqlərə zilləyən  19 yaşlı heykəl Vüqar, Saçları heç vaxt ağarmayacaq, beli bükülməyəcək.Yüzlərlə uşağın sevincli səs-küyünə, böyüməsinə şahidlik edən Vüqar nə yorulur,nə usanır. Soyuqda, istidə, şaxtada, günəşdə hər səhər Vətənin dan şəfəqləri ilə birgə məktəbliləri qarşılayıb salamlayır, sağollaşıb yola salır. Düz 26 ildir ki Vüqarın 19-dan sonrakı doğum günü doğmaları,əzizləri və adını daşıyan məktəbin şagird və müəllim kollektivi ilə birgə ancaq Onsuz qeyd olunur. Muğan qəsəbə tam orta məktəbi hər il  bu günə xüsusi hazırlaşır.

            Hər il olduğu kimi bu il də şəhidin doğum günü Muğan qəsəbə tam orta məktəbdə geniş qeyd olunub. Tədbirdə məktəbin şagird və müəllim kollektivi, şəhidin anası, Muğan qəsəbə tam orta məktəbin müəllimi Gövhər Məmmədova, Hacıqabul rayon Təhsil Şöbəsinin hərbi metodisti Nəriman Ağayev, Azərbaycan Respublikası Hacıqabul rayon Veteranlar Şurasının sədri Mehman Süleymanov,fəxri nümayəndəsi Yaqub Teymurov, Aprel döyüşlərinin iştirakçısı Rizvan Qarayev, Meynəman kənd tam orta məktəbin hərbi rəhbəri, Qarabağ müharibəsi veteranı Atamoğlan Şıxalıyev və Muğan qəsəbə tam orta məktəbin hərbi rəhbəri Nemət Qarayev iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılar. Şagirdlər şəhidə,vətənə həsr olunmuş şeirlər söylədilər,hərbi-vətənpərvərlik mahnıları ilə hazırladıqları kompozisiyanı təqdim etdilər. Şəhidin qısa, lakin mənalı ömür yolunu əks etdirən videoslayd nümayiş etdirildi.

           Tədbirin sonunda Aprel döyüşlərinin iştirakçısı Rizvan Qarayev və digər veteranlar çıxış edərək Vətən məfhumunun müqəddəsliyini, şəhid adının əbədiliyini vurğulamışlar. Onlar işğal altında olan 20% torpaqlarımızın azad olacağını bildirdilər. Təhsil Şöbəsinin nümayəndəsi N.Ağayev Təhsil Şöbəsinin  hər bir şəhidin yubiley gününü diqqətdə saxlamağını və bu günlərin xüsusi qeyd olunduğunu bildirdi.O bildirdi ki şəhidlik uca zirvədir.Elə bir zirvə ki adı tarixdə, salnamələrdə əbədi yaşayacaq. Vüqarın vətənpərvərliyinin nümunə olduğunu qeyd edən Nəriman müəllimin məktəblilərin bu ada layiq yetişməsini tövsiyə etdi. Məktəbin direktoru Kamil Cəfərov da çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirdi. Tədbirin sonunda şəhid anası Gövhər Məmmədovaya və Muğan qəsəbə tam orta məktəbin direktoru Kamil Cəfərova “Vətən Naminə Qarabağ Veteranları” İctimai Birliyi tərəfindən “Gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla”təltif olundular.


Açar sözlər: ,