29.08.2019

Hacıqabul rayon İcra hakimiyyəti tərəfindən ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirildi.

29 avqust 2019-cu il tarixdə Hacıqabul rayon İcra hakimiyyəti tərəfindən ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirildi. Əvvəlcə rayon İcra Hakimiyyəti başçısı və tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad etdilər. Tədbir rayon Mədəniyyət Evində davam etdirildi.

     Rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov görüşdə çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan rayon rəhbəri vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına dair böyük diqqət yetirmişdir. Ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.

Tədbirdə 654 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə qəbul olunmuş Jalə Cəlalova, valideyn Ruhəngiz Səfərova və digərləri çıxış edərək ölkəmizdə təhsilə göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.                    

 


Açar sözlər: