19.11.2021

“Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi

    Noyabrın 19-da ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin təltif edilməsi mərasimi baş tutub. Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə həyata keçirilib.Hacıqabul şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdi  Süleymanlı Tünzalə III yerə layiq görülüb.

    Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər Ordumuzun şücaəti nəticəsində möhtəşəm Zəfərin qazanılması ilə Azərbaycan təhsilində yeni bir səhifə açıldı və bu səhifənin mahiyyəti təhsilin istiqamətini dəyişdi. Emin Əmrullayev qeyd edib ki, təhsil sisteminin əsas məqsədlərindən biri şagirdlərdə təkcə bilik və bacarıqları deyil, həm də hər kəs üçün müqəddəs olan vahid dəyərləri formalaşdırmaqdır. Bu il tədris sisteminin məzmun və mahiyyətinin Zəfərə həsr olunduğunu bir daha diqqətə çatdıran nazir bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən görülən işlərdən danışıb. “Zəfər tarixi” dərsliyindən söz açan Emin Əmrullayev bildirib ki, bu dərsdənkənar məşğələlər Azərbaycanın təhsil məzmununda özünəməxsus yer tutacaq.

    Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.


Açar sözlər: ,  ,